“KazMunayQaz” ASC (KMQ) Ceyhan limanından Rumıniya istiqamətində Qazaxıstan neftinin göndərilməsinə başlayıb.
BTC ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası Ceyhan limanından - YOLA SALINIB
FED.az xəbər verir ki, bu barədə şənbə günü milli şirkətin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, KMQ-nin rəhbəri Maqzum Mirzaqaliyev Türkiyənin Ceyhan limanını ziyarət edib və Qazaxıstan neftinin Rumıniyada yerləşən və KMQ-yə məxsus olan “Petromidia” neft emalı zavodu üçün göndərilməsi prosesi ilə tanış olub.
“Azərbaycanın SOCAR şirkəti ilə razılaşmalar praktiki icra müstəvisinə keçib. Bu, gələcəkdə əməkdaşlığımızın inkişafının yaxşı perpektivləri barədə xəbər verir”, - Mirzaqaliyev göndərmə mərasimi zamanı bildirib.
O, “Tenqizşevroyl” şirkətinin rəhbərliyinə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql şərtləri ilə bağlı aparılan danışıqlar silsiləsinə görə təşəkkür edib.
Ceyhan terminalından 80 min ton həcmdə neftin ilk partiyası «Kazmortransflot» Milli Dəniz Gəmiqayırma Şirkətinə (KMQ-nin törəmə təşkilatı) məxsus olan yerli “Alatau” tankeri ilə nəql olunur. Tanker Rumıniyanın Konstantsa limanı istiqmatində yola düşəcək. Tanker ilə daşınan neft “Petromidia” NEZ üçün nəzərdə tutulur.
Ötən ilin sonunda KMQ ilə SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu ilə illik 1,5 milyon ton həcmində neftin tranzitinə dair 5 illik saziş imzalanıb. Bu ilin mart ayında Aktau-Bakı istiqamətində Qazaxıstan neftinin göndərilməsinə başlanılıb. Nəql prosesinə Qazaxıstan və Azərbaycan donanması paritet əsasda cəlb olunub. Aprelin 20-nə olan vəziyyətə görə Aktau limanından 86 min ton yüklənib. (İnterfaks-Azərbaycan)