Trans-Adriatik qaz kəməri (TAP) 2021-ci ilin dekabrın ikinci yarısında İtaliyaya qaz ixrac etmək imkanı verib.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə İtaliya KİV-ləri yazır.
"2021-ci ilin son günündə İtaliya digər ölkələrə 20 milyon kubmetr qaz satıb ki, bu da özünün istehlakının təxminən 10 faizini təşkil edir. Həmin gün ölkə ərazisində 214 milyon kubmetr qaz istehlak olub. Nəyə görə iri enerji idxalatçısı olan İtaliya qiymətlərin sürətlə artdığı vaxtda qaz ixrac etmək imkanı tapır: Bu, 878 kilometr uzunluğunda olan və Azərbaycandan Apuliya vilayətinə təxminən 8 milyard kubmetrədək qaz nəql edən TAP sayəsində, eləcə də ölkədə qaz saxlama sistemi sayəsində mümkün olub", - məlumatda deyilir.
Qeyd edək ki, TAP vasitəsilə Azərbaycandan İtaliyaya təbii qaz nəqli 2020-ci il dekabrın 31-də başlayıb və 2021-ci il dekabrın 31-dək 6,8 milyard kubmetr qaz nəql olunub.