“Doğum evləri, xəstəxanalar, internat məktəbləri və s. qurumlar tərəfindən fərdi qaydada ödənişə təminat verildiyi halda müraciətlər daxil olduqca istililiklə təmin edirik. Ümumilikdə isə istilik mövsümünə başlanması noyabrın 15-nə nəzərdə tutulub”.
FED.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
R.Əliyev hava şəraitindən asılı olaraq, istlik mövsümünün vaxtının dəyişdirilməsilə bağlı dəyişiklik ola biləcəyini istisna etməyib və bildirib ki, bu, kəskin hava şəraitilə bağlı ola bilər:
“İstilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabrdan, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabrdan başlanır. Ümumilikdə 2019-2020-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar olaraq “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası davam etdirilib.
Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Tədbirlər planına əsasən 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb”.
“Azəristiliktəchizat” ASC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında bir neçə ildir davam edən 3 milyon manatlıq borc məsələsinə gəlincə, R.Əliyev deyib ki, bu iki dövlət qurumu arasında olan məsələdir:
“Bizim bununla bağlı heç bir problemimiz yoxdur. İkisi də dövlət qurumudur. Çalışacağıq ki, borc məsələsinə görə vətəndaşlarımız əziyyət çəkməsin”.