Azərbaycanda aidiyyəti orqanlar milli enerji portfelinin yaradılması üçün orta xərci, istehlakçılar və istehsalçılar üçün əlverişli qiymətin müəyyənləşdirilməsini nəzərdən keçirəcəklər. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunub.
Sənəddə həmçinin göstərilib ki, pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi planlaşdırılır.
"Dünyanın bir çox ölkələrində kommunal xidmət sektorunda elektrik enerjisi qiymətinin tələbata uyğun dəyişdirilməsi istehlak səviyyəsini aşağı salan standart təcrübədir. “Azərbaycanda qiymətlərin gün ərzində diferensiasiya edilməməsi tələb-təklif balansının qeyri-səmərəli olması ilə nəticələnir. Qiymətlərin günün müxtəlif vaxtlarına uyğun tənzimlənməsi günlük yüklənmə qrafikini nizamlayır, eləcə də qiymətin ucuz olduğu vaxtda elektrik enerjisindən istifadə üçün stimul yaratmaqla, pik saatlardakı yüklənmə səviyyəsini aşağı salır və əlavə həcm üçün investisiya qoyuluşuna zərurəti azaldır. Türkiyədə günün müxtəlif vaxtlarına uyğun tariflər tətbiq olunub. Belə ki, elektrik enerjisi istehlakçılara gecəyarısı orta qiymətə, “pik yüklənmə” saatlarında (təxminən saat 17:00 - 22:00) isə ən yüksək qiymətə təqdim olunur", - deyə "Strateji Yol Xəritəsi"də qeyd olunub.