“Azəriqaz” son günlər həm bəzi internet resurslarında, həm də müxtəlif sosial şəbəkələrdə vaxtı ilə İstehsalat Birliyində Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin rəisi kimi çalışmış Müşviq Gülalıyevin korrupsiya iddiaları ilə bağlı çıxışlarına münasibət bildirib.
Eləcə də bax: Qaz smart-kartlarına 10 manatlıq hədiyyə ilə bağlı - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, qurumdan daxil olan məlumatda deyilir ki, sözügedən şəxs “Azəriqaz” İB-nin baş direktorunun Ümumi məsələlər üzrə sabiq müavini Ziyad Cəlilov barəsində müxtəlif korrupsiya faktlarına malik olduğunu deyərək bəzi məsələlərdən bəhs edir: ““Facebook” sosial şəbəkəsində paylaşılan belə məlumatlara yazılan şərhlərdə Müşviqin dedikləri ilə razılaşmayanlar da çoxdur. “Nə tez yadına düşdü. 7 il olar Ziyad müəllim “Azəriqaz”dan çıxıb. Kişiyə boş yerə ləkə atma”, “Müşviq işçiləri həmişə söyüşlə təhqir edib, tüfeyli qumarbaz olub. Bunu bütün Xəzər rayonu bilir” və s. şərhlərə rast gəlinir, lakin az keçmir ki, kimsə həmin yazıları dərhal pozur.
Birliyin bəzi işçilərindən əldə edilən məlumatlara görə , Müşviq Gülalıyev Ziyad Cəlilovun yaxın qohumudur. Müşviq Gülalıyevin səriştəsiz fəaliyyətinin vaxtilə qurumda yüksək post tutan Ziyad Cəlilova başucalığı gətirmədiyini deyənlər də var. Müxtəlif yerlərə təyinat alsa da, M.Gülalıyev yol verdiyi nöqsanlar ucbatından hər dəfə ciddi tənbehlə üzləşib”.
Bildirilib ki, adları çəkilən şəxslər uzun müddətdir ki, qurumda çalışmır: “Əslində bunların bizə heç bir aidiyyatı yoxdur. Lakin qurumun adı hallandığından bəzi məqamlara reaksiya vermək məcburiyyətində qalırıq. Cəlilov Ziyad Novruz oğlu 2009-cu ildən 2014-cü ilə qədər “Azəriqaz” İB-nin baş direktorunun Ümumi məsələlər üzrə müavini vəzifəsində işləyib. 07.04.2014-cü il tarixində öz təşəbbüsü ilə işdən azad edilib. Gülalıyev Müşviq Vəlcan oğlu 2009-cu ildən 2015-ci ilə qədər müxtəlif tabe qurumlarda çalışıb və sonuncu iş yerindən (Qaradağ rayonu Qaz İstismar Sahəsində sahə rəisi) struktur islahatları nəticəsində azad edilib. Belə məsələlərin uzun illər sonra ortalığa çıxarılması başadüşülən deyil. Əgər Müşviq Gülalıyevin əlində hansısa fakt var idisə, niyə vaxtında ortalığa qoyub ədalət tələb etmirdi? Bu onun fikirləşdiyi kimi tutarlı olardısa, elə isti-isti də çözülərdi. Belə olmadığı üçün onun dediklərində şəxsi ədavət işartıları hiss olunur. Nəticə etibarı ilə ictimaiyyətdə məsələ ilə əlaqədar yanlış fikir formalaşdırılır.
Ümumiyyətlə, bildirmək istəyirik ki, bundan sonra belə yazılara cavabımız hüquqi müstəvidə olacaq. Çünki hazırda burda çalışmadan müxtəlif çirkin fikirlərinə Birliyin adını qatanlar təşkilatımızın işgüzar nüfuzuna birbaşa ləkə gətirmiş olur. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə (Məlumat azadlığının təminatı) əsasən məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Həmin Qanunun 5-ci maddəsinə (Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri) görə isə məlumat obyektivliyi, tamlığı və həqiqiliyi əks etdirməlidir. Bəhs edilən məsələ üzrə internet resurslarında yayılan bu məlumatlar qanunvericiliyin tələblərinə zidd olduğuna görə həm belə insanlar, həm də bu insanların fikirlərini yayan müxtəlif media qurumları qalmaqallı məsələlərdə “Azəriqaz” İstehsalat Birliyinin adını hallandırdığı üçün biz də onlar barəsində ciddi, o cümlədən mənəvi təzminat tələbi ilə məhkəmə qaydasında zəruri tədbirlər görməyə məcbur olacağıq”.