Xəzər dənizinin İrana aid olan sektorunda böyük həcmli qaz yataqları aşkarlanıb.
FED.az xəbər verir ki, İranın “Khazar Exploration and Production” şirkəti Xəzərin İran sektorunda ölkənin ən böyük qaz yataqlarının aşkar edildiyin elan edib. Qaz ehtiyatları «Çaluş» yatağında aşkar edilib.
Şirkətin baş icraçı direktoru Əli Osuli bildirib ki, «Çalus» yatağında ilkin qiymətləndirmə işləri göstərib ki, yatağın ehtiyatları təqribən 3,4 trilyon kubmetrdir. Bu İranın indiyədək ən böyük yatağı sayılan «Cənubi pars» yatağındakı ehtiyatların 4-də biri qədərdir.
İranın ümumilikdə 33,8 trilyon kubmetr qaz ehtiyatı var. «Cənubi Pars» yatağında isə 14,2 trilyon kubmetr qaz var ki, bu da İranın ümumi ehtiyatlarının 40%-i deməkdir. Müqayisə üçün bildirək ki, Azərbaycanın ən böyük qaz yatağı sayılan «Şahdəniz»in ehtiyatları 1,2 trilyon kubmetrdir.
İran mənbələri bildirir ki, «Çalus» yatağının ehtiyatları o qədər böyükdür ki, Avropanın qaza tələbatının 20%-ni təmin edə bilər.
Artıq Rusiya mənbələri gələcəkdə bu yatağın ehtiyatlarının Rusiya vasitəsilə Avropaya nəql ediləcəyini bildirirlər.