Bu günə qədər Azərbaycanda ən böyük külək elektrik stansiyası Qobustan Hibrid Elektrik Stansiyası idi. Bu gündən sonra isə təməli qoyulan "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın ən böyük gücə malik külək elektrik stansiyası olacaq.
Eləcə də bax: Azərbaycan ərəb şirkətilə dənizdə külək enerjisi üzrə - ANLAŞDI
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.
O bildirib ki, "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının enerji istehsalı potensialı 240 meqavata bərabər olacaq.
"Azərbaycanda təqribən 94 faiz elektrik enerjisi hazırda təbii qazın turbinlərdə, elektrik stansiyalarda yandırılması hesabına əldə edilir. Hidroelektrik stansiyalarının və alternativ enerji mənbələrinin payına isə 6 faiz düşür. Dünyanın hazırkı çağırışı yaşıl enerjiyə keçiddir. Azərbaycan bu gün bu sahədə ən böyük addımını atdı. "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istifadəyə verilməsi bir il ərzində 200 milyon kubmetr ekvivalentində qaz sərfiyatının qarşısını alacaq. Hər bir ənənəvi enerji yandırılarkən ətrafı zəhərləyir. Bu külək elektrik stansiyasının istifadəyə verilməsi ilə ekoloji xeyirlə yanaşı, təbii qaza da qənaət edəcəyik. "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də təməlqoyma mərasimi keçirilib.
Gülüstan Sarayında keçirilən təməlqoyma mərasimində Prezident İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud mərasimdə iştirak edib.