Prezident İlham Əliyev Azərbaycanın yerli sahibkarlarını azad edilən ərazilərdə elektrik stansiyalarının tikintisinə dəvət edib.
FED.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilib. Bunlardan ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində yerləşir:
“Mənfur düşmən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb, yandırıb, o stansiyaların qalıqları orada qalıbdır. Xüsusilə Kəlbəcər, Laçın rayonlarında olarkən bunu hər kəs görə bilər. Biz keçən il bu stansiyaların bərpasına başlamışıq. Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.
Ancaq qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar. Çünki əlbəttə, dövlət də bu işi öz üzərinə götürə bilər, ancaq dövlətin digər başqa xərcləri çoxdur – bu, birincisi. İkincisi, bu, sahibkarlar üçün də əlverişli investisiya ola bilər.
Prezident işarə edib ki, stansiyalara pul yatıran sahibkarlar istehsal olunan enerjini rahat sata biləcəklər: "Nəzərə alsaq ki, azad edilmiş bütün bölgələr bu gün Azərbaycanın digər bölgələri ilə elektrik xətləri ilə birləşdirilib, ona görə orada istehsal olunacaq enerji ümumi sistemə daxil ediləcək. Mən hesab edirəm ki, sahibkarlar üçün bu, çox cəlbedici ola bilər. Mən bilirəm ki, İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası bu işlə məşğuldurlar və təkliflər də verildi. Hesab edirəm ki, hər bir stansiya üzrə təkliflər verilsin və bəlkə bu müşavirədən sonra sahibkarlar da bu məlumatı məndən eşidib daha da həvəsli olacaqlar".
Prezident təklif edib ki bu məsələ ilə maraqlanan sahibkarlar üçün qalan stansiyaların yerləri ilə bağlı xüsusi bir təqdimat keçirilsin: "Söhbət təkcə ermənilər tərəfindən dağıdılmış stansiyalardan getmir. Hazırda xüsusilə, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər bizə müraciət edirlər.
Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli, burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik, ya xarici şirkətlərlə birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür. Yəni, bütün bunlardan biz səmərəli şəkildə istifadə etməliyik".
İlham Əliyev deyib ki, enerji istehsalının artması digər məsələlərlə yanaşı qaza qənaət etməyə də imkan verəcək, hansı ki Azərbaycan onu xaricə yüksək qiymətə ixrac edir: "Həm bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq, - mən bu göstərişi vermişdim, bəlkə də gələcəkdə daha çox olacaq, - həm də ki, təbii qaza qənaət edib onu indiki yüksək qiymətlərlə ixrac edə biləcəyik”.
İlham Əliyev bildirib ki, artıq bütün bölgələri birləşdirən xətlər var:
“Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. Bu, çox böyük göstəricidir. Eyni zamanda, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkildi - Daşkəsəndən Kəlbəcərə. Orada dağların hündürlüyü 3500 metrdir, ağır, çətin şəraitdə, qış aylarında biz bunu bacardıq. “Azərenerji”nin mütəxəssisləri yüksək qiymətə layiqdirlər. Bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. İran İslam Respublikası ilə danışıqlar aparılır və hesab edirəm ki, daha da sürətlə aparılmalıdır ki, biz tezliklə burada da razılığa gələk. Çünki bu stansiyaların potensialı çox böyükdür - 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə çatacaq.
Beləliklə, biz bu imkanlardan da istifadə edə bilərik. “bp” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar gedir. Ümid edirəm ki, yaxın gələcəkdə bir nəticə də olacaq. Hesab edirəm ki, bu stansiyanın çox böyük potensialı olacaq.
Bütövlükdə artıq bu rəqəmi mən səsləndirmişdim. Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı var və biz dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alırıq. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir və keçən il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb.
Burada doğrudan da həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal bir potensial var. Amma mən bu gün azad edilmiş torpaqlarda görüləcək işlər haqqında danışarkən məhz bu məsələni diqqətinizə çatdırmaq istərdim. Eyni zamanda, Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir”.