FED.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev, karbamid zavodunun direktoru Xəyal Cəfərov və “Samsung Engineering” şirkəti tərəfdən layihənin rəhbəri Hansu Kim dövlət başçısına görülən işlərlə bağlı məlumat veriblər.
Karbamid zavodunun tikintisi ilə əlaqədar 2011-ci ildə beynəlxalq açıq tender elan edilib və tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering Co. Ltd.” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə lisenziyaları qismində müvafiq olaraq Danimarkanın və Niderlandın şirkətləri çıxış edir. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə beynəlxalq açıq tender vasitəsilə seçilmiş Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb.
Dövlət başçısına Sumqayıt sənaye zonasının perspektiv inkişafı ilə əlaqədar qaz təchizatı sisteminin yaradılması haqqında da məlumat verilib.
Sonra orezident İlham Əliyev ayrı-ayrı inşaat sahələrini gəzib, görülən işlərlə yaxından tanış olub.
Zavodun tikintisinin bu ilin sonunda yekunlaşması nəzərdə tutulur. Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edəcək. Zavod işə düşəndən sonra burada 350-400 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri təxminən 750 milyon avro təşkil edir.
Zavodda tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.