Prezident İlham Əliyevin Qazaxıstana gözlənilən səfəri qardaş ölkələr arasındakı münasibətlərin yeni mərhələsini açacaq.
FED.az xəbər verir ki, bunu Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilən 19-cu iclasında energetika naziri Pərviz Şahbazov bildirib.
"Bizi dərin köklərə malik sıx qardaşlıq münasibətləri birləşdirir. Bizim ölkələrimizin prezidentlərinin siyasi iradəsi sayəsində münasibətlərimiz uğurla inkişaf edir. Qazaxıstan prezidentinin ötən ilin avqust ayında Azərbaycana səfəri çərçivəsində ölkələr arasında siyasi əməkdaşlığı gücləndirməklə bağlı saziş imzalanıb. Bu gün Azərbaycanla Qazaxıstan bir çox regional və beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir", - deyə o qeyd edib.
Nazir həmçinin deyib ki, Azərbaycanla Qazaxıstan arasındakı münasibətin mühüm hissəsini ticarət əlaqələri təşkil edir: "Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 4 dəfə artaraq 598 milyon ABŞ dolları təşkil edib. Ticarət əlaqələrinin inkişafında xüsusi rolu müntəzəm ticarət missiyaları oynayır. Hökumətlərarası Komissiyanın 18-ci iclasında bir sıra sahələr, o cümlədən maşınqayırma və qida sənayesi ilə bağlı bir sıra sazişlər imzalanıb. Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin fəaliyyətini isə xüsusi qeyd etmək istəyirəm".
Nazir Qazaxıstan iş adamlarını Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməyə, ora sərmayə yatırmağa çağırıb:"Burada iş adamları üçün lazımi şərait yaradılıb". (Report)