"Büdcəmizdə neftin qiyməti 40 dollar götürülüb. Bu, çox konservativ, yəni, mühafizəkar yanaşmadır. Ancaq indi dünya bazarında neftin qiyməti 50 dollardan çoxdur".
Eləcə də bax: Prezidentin sədrliyi ilə müşavirə keçirilib - TAM MƏTN
FED.az xəbər verir ki, bunu yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
Prezident çıxışına belə davam edib:
"Əlbəttə, proqnoz vermək çətindir, amma nəzərə alsaq ki, pandemiya, bu il sona çatacaq, - artıq bir çox ölkələrdə peyvəndləmə işləri də gedir, - və beləliklə, iqtisadi fəallıq artacaq, gediş-gəliş artacaq, hava nəqliyyatı və digər sahələr açılacaq, yanacağa daha da böyük tələbat olacaq. Yəni, kifayət qədər böyük ehtimal var ki, neftin qiyməti hər halda 50 dollardan aşağı olmayacaq. Bunu nəzərə alsaq, bizdə profisit yarana bilər və siz indidən fikirləşin, bu profisit hansı istiqamətlərə yönəldilə bilər. Ola bilər ki, biz Neft Fondundan transfertləri azaldaq, əgər vəsaitə ehtiyac olmayacaqsa. Əgər ərazilərin bərpası üçün nəzərdə tutulan 2,2 milyard manat vəsait kifayət etməzsə, onda ola bilər bu vəsaitdən, yəni, əgər profisit yaranacaqsa, o istiqamətlərdə də istifadə etmək olar. Hər halda, bunu həyat göstərəcək. Birinci rübün yekunlarına baxdıqda görəcəyik ki, iqtisadiyyat hansı istiqamətdə gedir və ümumiyyətlə, dünyada hansı proseslər gedir".