Dünya bazarında neftin qiyməti bərpa olunmasa, Azərbaycanı yeni itkilər gözləyir.
Eləcə də bax: "Neft ölkələri arasında ticarət çəkişmələri tədiyə balansımızı pisləşdirib"
FED.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev 1-ci rübün yekunlarına həsr edilmiş müşavirədə bildirib. Onun sözlərinə görə, OPEC və qeyri-OPEC ölkələrinin razılaşması bizim üzərimizə də öhdəliklər qoyur: «İndi artıq nəinki OPEC+ və neft hasil edən bütün ölkələr razılığa gəlib. Bu, çox nadir əməkdaşlıq formatıdır və bu format hər bir ölkənin üzərinə əlavə öhdəlik qoyur, o cümlədən Azərbaycanın. Bu razılaşmaya görə bizim neft hasilatımız bu il ixtisar ediləcək. Artıq kvotalar müəyyən edildi».
Prezident bildirib ki, neftin qiyməti bərpa olunmasa, Azərbaycanın itkiləri artacaq, ona görə də indidən ehtiyat tədbirləri görülməlidir: «Əgər neftin qiyməti lazımi səviyyəyə qalxmasa, onda biz əlavə itkilərə məruz qalacağıq. Biz bunu bilməliyik ki, bu itkilər təqribən 700 milyon, bəlkə də 1 milyard dollar ətrafında ola bilər. Ona görə indidən öz addımlarımızı atmalıyıq. Əgər neftin qiyməti bərpa olunmasa, bizi əlavə itkilər gözləyir və təbii olaraq bizim valyuta ehtiyatlarımız azalacaq. Birinci rübdə, yanvarın birinə nisbətdə artıq valyuta ehtiyatlarımız azalıbdır».
Xatırladaq ki, dünya bazarında Brent neftinin qiyməti 30 dollar, Azərbaycan neftinin qiyməti isə 25 dollar ətrafındadır. Dövlət büdcəsində isə neftin qiyməti 55 dollardan götürülüb.