Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub.
Eləcə də bax: Neft Şirkətinə yeni rəhbər təyin edilib - SƏRƏNCAM
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə İ.Əhmədov "Facebook" hesabında yazıb.
"Şirkətimizdə aparılan struktur dəyişiklikləri çərçivəsində SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olundum. İşim SOCAR Qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili və koordinasiyası ilə bağlıdır. Eyni zamanda, mətbuat katibi funksiyasını da icra edəcəyəm. Buna görə dəyərli jurnalistlərimiz Şirkətin adından verdiyim açıqlama və müsahibələrimdə mənim vəzifəmi sadəcə "mətbuat katibi" kimi qeyd edə bilərlər.
Əvvəl olduğu kimi, bundan sonra da bütün mətbuat sorğuları üçün açığam və hamısını operativ şəkildə cavablandırmağa çalışacağam. SOCAR-ın kommunikasiyasını effektli şəkildə təşkil edib, Azərbaycanın qlobal brendini ölkə və dünya ictimaiyyəti qarşısında təmsil etməklə, iqtsadiyyatımızın dayağı olan Dövlət Neft Şirkətinin işgüzar nüfuzunun möhkəmlənməsinə və bu minvalla öz kommersiya hədəflərinə çatmasına töhfə verməyə çalışacağam.
Son illərdə "Biz Neftçiyik" şüarını yaymaqla, dövlətimizin inkişafı və xalqımızın rifahı üçün gecə-gündüz dənizdə və quruda çalışan əli qabarlı Azərbaycan neftçilərinin sözçüsü oldum. İndi göstərilən etimada görə Şirkətin rəhbərliyinə və mənə daim mənəvi dayaq olan əziz neftçi həmkarlarıma təşəkkürümü bildirirəm. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başladığı SOCAR-ın yeni inkişaf dövründə Şirkətin əməliyyat effektivliyinin artırılmasına öz kiçik töhfəmi verməyə ümidliyəm. Bunun üçün SOCAR-ın Müşahidə Şurasının nəzarəti və rəhbər heyətinin rəhbərliyi altında var gücümlə işləyəcəyəm. Şərəfli peşənin nümayəndələri olan Azərbaycan neftçilərinə layiq bir mətbuat katibi olmağa çalışacağam", - deyə İ.Əhmədov bildirib.