"Hava şəratitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq, SOCAR bütün istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, açıq səthlərdə aparılan işlər məhdudlaşdırılıb".
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, dənizdə çalışan 28 nəfər SOCAR-ın əməkdaşı dünəndən təxliyə olunub: "Hava şəraiti normallaşdıqca normal iş rejimi bərpa olunur".
Xatırladaq ki, havanın kəskin dəyişməsi haqqında xəbərdarlıq edilib. Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, noyabrın 16-sı gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağıb.
Bakıda və Abşeron yarımadasında isə arabir 30-35 m/s-dək güclənib. Güclü külək nəticəsində Neft Daşlarında dalğanın hündürlüyü 4,5 metrə çatıb.
Bakıda güclü küləkli hava şəraiti bu gün də davam edəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu günorta saatlarında 7 dərəcəyədək isti olacaq.