Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2017-ci ilin yanvar-mart aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 6762,3 milyon kub metr təşkil etmişdir.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən xəbərə görə, ehtiyatların 69,8 faizi hasilatın, 25,4 faizi qalığın, 4,8 faizi isə idxalın hesabına formalaşmışdır. Təbii qazın 47,0 faizi istehlak, 34,9 faizi ixrac olunmuş, 6,4 faizi itkiyə getmiş, 11,7 faizi isə aprel ayının əvvəlinə ehtiyat kimi qalmışdır.
Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,7 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 40,3 faizi isə əhaliyə satılmışdır.
2017-ci ilin yanvar-mart aylarında 2357,2 milyon kub metr və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox təbii qaz ixrac edilmişdir.
Əhali tərəfindən 1278,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox təbii qaz istehlak edilmiş, onun 33,4 faizi Bakı şəhərinin, 4,4 faizi Naxçıvan Muxtar Respublikasının, 17,7 faizi Aran, 13,2 faizi Gəncə-Qazax, 9,0 faizi Abşeron, 6,7 faizi Lənkəran, 5,3 faizi Şəki-Zaqatala, 5,2 faizi Quba-Xaçmaz, 2,8 faizi Dağlıq Şirvan, 2,3 faizi isə Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşmüşdür.