2017-ci ilin I rübündə Azərbaycanda 287,9 kq qızıl hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,8% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Mart ayında 106,7 kq qızıl hasil edilib. Hasil edilən qızıl emala göndərilib.
2016-cı ildə Azərbaycanda 1 min 894,1 kq qızıl hasil olunub, hasilatın həcmi 15% azalıb.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında qızıl hasilatına başlayıb.