İtaliya Azərbaycandan təbii qaz idxalını illik hesablamada 10,5 faiz artırıb.
Bu barədə FED.az Avropa İttifaqının Statistika İdarəsi olan Eurostat-a istinadən xəbər verir.
İtaliya 2024-cü ilin may ayında Azərbaycandan 488 milyon kubmetr qaz idxal edib, 2023-cü ilin may ayında isə bu göstərici 441,5 milyon kubmetr olub.
İdxalın həcmi əhəmiyyətli dərəcədə artsa da, qiyməti nəzərə çarpacaq dərəcədə ucuzlaşıb. 2023-cü ilin may ayında idxalın dəyəri 366 milyon avro olduğu halda, 2024-cü ilin may ayında bu göstərici 276 milyon avroya düşüb ki, bu da təqribən 25 faiz ucuzlaşma deməkdir.
2024-cü ilin yanvar-may ayları ərzində İtaliya Azərbaycandan 2023-cü ilin analoji dövründəki 2,6 milyard avro dəyərində 2,2 milyard kubmetrlə müqayisədə 1,35 milyard avro dəyərində 2,4 milyard kubmetr qaz idxal edib.
2023-cü ildə İtaliya Azərbaycandan ümumilikdə 4,97 milyard avro dəyərində 9,3 milyard kubmetr qaz idxal edib.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-də Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə qazın Avropaya nəqlini başladıb. Bu dəhliz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə qazın nəqlini təmin edir.
2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırki 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər (Trend).