Yəməndəki husi qruplaşması bu ölkəni fasiləsiz bombalayan Səudiyyə Ərəbistanına ağır zərbələr endiriblər.
FED.az xəbər verir ki, sentyabrın 14-də husilr 10 pilotsuz apparat vasitəsilə Səudiyyə Ərəbistanının Abkeyk şəhərində yerləşən və «Saudi Aramco» şirkətinə məxsus olan dünyanın ən böük neftayırma zavodlarına hücum ediblər. Eləcə də digər hücum hədəfi ölkənin ikinci ən böyük neft yatağı sayılan Xurais olub. Nəticədə həm zavodda, həm də neft yatağında böyük yanğın başlayıb.
Ölkənin sənaye təhlükəsizliyi nazirliyi (FHN funksiyalarını yerinə yetirir) vəziyyətin nəzarətdə olduğunu bildirsə də yanğın Səudiyyətin neft infrastrukturuna ağır zərbə olub və ölkədə neft hasilatı ikiqat azalıb.
Səudiyyə Ərəbistanının sərvətləri və hərbi gücü ilə müqayisəyə gəlməz dərəcədə kiçik resursları olan və buna görə də «çarıqlı döyüşçülər» adlandırılan husilər ilk dəfədir ki, Səudiyyənin belə ciddi obyektlərini hədəfə alıblar. Husilərin rəhbərliyi bəyan edib ki, bu zərbə Ər-Riyadın dağıdıcı davranışlarına cavabdır.
Husilərin 10 ədəd pilotsuz aparatla endirdikləri zərbələrin əsas hədəfi iki obyekt olub. İlk zərbə Səudiyyənin şərqində, Abkeyk ərazisində, Dahran şəhərindən 60 km məsafədəki neft ayırma zavodlarına endirilib. İkinci hədəf isə ölkənin ikinci ən byöük neft yatağı sayılan Xurais olub.
«Bizim hərbi hava qüvvələrinin bu əməliyyatı son 5 ildə ölkəmizin mühasirədə saxlanılmasına və ölkəmizə qarşı qanunsuz hücumların cavabıdır», - deyə husilərin hərbi qüvvələrinin katibi Yəhya Seraya bildirib. Onun sözlərinə görə, bu hücumlar husilərin Səudiyyə Ərəbistanının dərinliklərində apardığı ən byöük əməliyyatlardan biridir.
«Zərbələr diqqətlə aparılan kəşfiyyat əməliyyatından sonra endirilib. Bu məsələdə bizə xeyirxah və azad səudiyyə vətəndaşları da kömək ediblər», - deyə briqada generalı bildirib. General hada böyük yeni hücumların olacağını da bildirib.
«Səudiyyə Ərəbistanı bizi məcbur edir ki, əməliyyatın həcmini artıraq, ölkəmizə qarşı aqressiya davam etdikcə hücumlarımız daha ağrılı olacaq. Bizim hədəflərimizin siyahısı gündən günə genişlənir», - heyə hərbçilər bildirir.