Hörmüz boğazına hücumlar təchizatla bağlı narahatlıqları artırdıqca neft qiymətləri yenidən yüksəlib.
FED.az xəbər verir ki, Fars Körfəzi və Hörmüz boğazında dəniz gəmiçiliyinə edilən hücumların artması Yaxın Şərqdən neft tədarükü ilə bağlı narahatlıqları artırdığı üçün cümə axşamı neft qiymətləri yüksəlib.
Nəticədə Brent markalı xam neftin fyuçersləri 1,33 faiz artaraq bir barel üçün 101,53 dollara çatıb. ABŞ xam nefti (WTI) də 1,26 faiz artaraq 89,39 dollara çatıb.
Xatırladaq ki, hazırda Avropa və ABŞ hökumətləri rekord həddə çatan yanacaq qiymətləri və İranla müharibə səbəbindən tədarükdəki fasilələrlə mübarizə aparırlar. Oktyabrın 7-də Beynəlxalq Enerji Agentliyinin (BEA) neft ehtiyatlarının istifadəsini sürətləndirmək və dizel tədarükünə üstünlük vermək barədə razılığa gəlməsindən sonra qiymətlər düşmüşdü.
Amma dünən, Qətərin şimal sahillərində üzən bir tankerə çoxsaylı mərmilərin düşdüyü və nəticədə itkilərin olduğu bildirilir. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları agentliyi hücumu təsdiqləyib.
ANZ-nin baş əmtəə strateqi Daniel Hayns deyir: “Keçmişdə bu kimi hücumlar Fars körfəzindən göndərilən yüklərin azalmasına səbəb olub. Bu dəfə isə nefti beynəlxalq bazarlara çıxarmağın başqa yolu olmadığı üçün istehsalçılar gəmilərinə zərər vurmaq riskini götürməyə hazır görünürlər”.
ABŞ-da açıqlanan məlumatlar da qiymət artımına təsir edib. Belə ki, dünyanın ən böyük neft istehlakçısı və istehsalçısı olan ABŞ-da xam neft ehtiyatları gözləniləndən daha çox azalıb.
Enerji İnformasiya Administrasiyasının (EIA) çərşənbə günü açıqladığı məlumatlara görə, xam neft ehtiyatları 2 oktyabrda bitən həftə 3,2 milyon barel azalaraq 424,1 milyon barelə düşüb. Reuters tərəfindən sorğulanan analitiklər 1,7 milyon barel azalma gözləyirdilər.
Dizel və reaktiv yanacaq da daxil olmaqla, distillə edilmiş neft məhsullarının ehtiyatları da 42.000 barel azalaraq 105,14 milyon barelə düşüb. İlin bu vaxtında ehtiyatlar son beş ildə müşahidə olunan səviyyələrdən xeyli aşağı olaraq qalır.













