Qarşıdakı illərdə Azərbaycanda bir neçə yeni yataqdan qaz hasilatına başlanması gözlənilir. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev fevralın 28-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən VI toplantısında bildirib.
Prezident bildirib ki, hazırda Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır: «Ona görə də Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq».
Dövlət başçısı bildirib ki, bu gün hökumət ənənəvi tərəfdaşları ilə müxtəlif layihələr reallaşdırır.
“Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” konsorsiumlarına rəhbərlik edən və strateji tərəfdaşımız olan BP ilə “D 2030” adlandırılan layihə üzərində çalışırıq. Bu, 2018-ci ildə qüvvəyə minib. BP ilə birlikdə biz “Şəfəq- Asiman” qaz yatağı üzərində çalışırıq və ilk quyu çox tezliklə qazılmalıdır.
Biz BP ilə, həmçinin “Dayazsulu” adlandırılan layihə üzərində çalışırıq. Bu layihənin aşkar edilməyən yataqlar baxımından böyük potensialı var, çünki o, sahilə çox yaxın yerləşir və bizim ənənəvi hasilatımız dənizdə aparılırdı.
Gələn il biz “Total”la 300 milyard kubmetr qaz potensialı olan “Abşeron” yatağından qaz hasilatına başlayacağıq.
SOCAR fəal şəkildə “Ümid-Babək” yatağının işlənilməsi ilə məşğuldur. Hazırda “Ümid” yatağının gündəlik hasilatı 3 milyon kubmetr qazdır. Bu yatağın potensialı 200 milyard kubmetrdən çoxdur.
“Equinor”la birlikdə biz “Qarabağ yatağı” üzərində çalışırıq. Mənə verilən məlumata görə, kəşfiyyat quyusu çox tezliklə qazılmalıdır».
Bundan başqa, prezident bildirib ki, “Azəri-Çıraq-Günəşli”də də böyük həcmdə dərin qaz yataqları var və SOCAR ilə BP arasında bu istiqamətdə danışıqlar çox uğurla gedir: «Ümid edirəm ki, tezliklə biz razılığa gələ biləcəyik. Beləliklə, bunlar hamısı, beynəlxalq bazarlarda iştirakımızın genişləndirilməsi, şaxələnmiş üsullarla karbohidrogen ehtiyatlarımızın ixracı və xalqımız üçün daha yaxşı şəraitin yaradılmasından ibarət olan strateji məqsədlərimizin həyata keçirilməsinə töhfə verəcək. Bu, bizim məqsədimizdir və dövlətçiliyimizin gücləndirilməsidir».