“SOCAR Gürcüstanda qaz anbarının tikintisində iştirak etməkdə maraqlıdır”.
Bunu Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili deyib.
“Mən bu barədə fikirlərimi dəfələrlə söyləmişəm. Biz SOCAR şirkəti ilə bəzi detalları hələ müəyyənləşdirməmişik. Bizim tərəfdən büdcə, investisiya və digər parametrlərlə bağlı suallarımız var. SOCAR Gürcüstan bazarında qazın əsas təchizatçısıdır və onların gürcü alıcılarına keyfiyyətli xidməti çox vacibdir. SOCAR-ın maliyyə və ekspert resursları olduğuna görə, gürcü alıcıları onların xidmətindən razıdır. Sözsüz ki, SOCAR-ın qaz anbarının tikintisinə marağı olacaq və biz detallar barədə müzakirələr aparacağıq”, - deyə M. Valişvili qeyd edib.
Nazir müavini qeyd edib ki, hələlik qaz anbarının inşası istiqamətində layihə işləri başa çatmayıb: “Anbarın tikintisinin aparılacağı sahədə test üçün qazıntı işləri aparılmalıdır. Hazırda Fransa şirkətinin məsləhətçiləri tender elanı üzərində işləyirlər. Bu tender iki fazada həyata keçiriləcək. Birinci mərhələdə test üçün quyunun qazılmasına 20 milyon lari büdcə ayrılıb. Biz texniki-iqtisadi əsaslandırmadan sonra bütün sənədləri düzəltdikdən sonra inşa işlərinə başlayacağıq”.
M. Valişvili qaz anbarının tikintisində Asiya İnkişaf Bankı, Avropa İnkişaf Bankı və digər alman banklarının çox maraqlı olduğunu bildirib: “Biz hesab edirik ki, tikintiyə investisiya cəlb etmək istiqamətində heç bir problemimiz olmayacaq. İnvestisiyaya gəlincə, hesab edirik ki, Gürcüstanın Neft və Qaz Korporasiyası layihənin əsas sərmayədarı olacaq. Bundan sonra əlavə investisiya yatırmaq istəyən şirkətlər barədə düşünəcəyik. Hüquqi cəhətdən tənzimləmə işləri görüldükdən sonra layihədə iştirak barədə məsləhətləşmələr aparılacaq”, - deyə nazir müavini vurğulayıb.