Gürcüstan hökuməti ilə Avstriya-Rumıniya şirkəti olan “OMW Petrom” arasında Gürcüstanın Qara dəniz şelfində neft və təbii qaz ehtiyatlarının axtarışı prosesinə başlaması ilə bağlı danışıqları davam edir.
FED.az xəbər verir ki, bu barədə məsələ Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə şirkətin nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.
Gürcüstan İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə “OMW Petrom”un Qara dəniz şelfində həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, ekspertlərin qiymətləndirmələrinə əsasən, dənizin Gürcüstan şelfində təbii qazın əhəmiyyətli ehtiyatları var. Şirkət yaxın bir il ərzində üçölçülü seysmik kəşfiyyat işləri aparacaq, qazma işlərinə isə layihənin növbəti mərhələsində başlanılacaq.
Layihənin ümumi dəyəri 30 milyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, “OMW Petrom” Rumıniyada Qara dəniz şelfində təbii qaz hasilatı ilə məşğul olur. Şirkət bu ilin mayında Gürcüstanda Qara dəniz hissəsində neftin kəşfiyyatı üzrə işlərə başlamalı idi.
Ötən ilin aprelində isə Gürcüstan hökuməti şirkətlə məhsulun bölgüsü haqqında müqavilə də imzalanıb.