Xəbər verildiyi kimi, Gürcüstan Rusiyanın “Qazprom” şirkəti ilə təbii qazın tədarükü ilə bağlı müqaviləyə yenidən baxır.
FED.az xəbər verir ki, ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib ki, bu, təbii qazın qiymətinin təxminən 15% aşağı düşməsinə gətirib çıxaracaq: “Rəqabət və dünyada neft məhsullarının ucuzlaşması faktını nəzərə alaraq, “Qazprom”la müqaviləyə yenidən baxılma qiymətlərin aşağı salınması məqsədi daşıyır”.
Nazir qiymətləri kommersiya sirri olduğundan açıqlaya bilməyəcəyini qeyd edib: “Bu gün Gürcüstanın təbii qaz bazarı tam rəqabətlidir və kommersiya qiyməti tədricən azalır. Həm SOCAR, həm də “Qazprom” bu tendesiyaya uyğun davranır. Zərurət yaranacağı təqdirdə, qiymətləri daha da endirə bilərik. Bu, bazardakı vəziyyətdən asılı olacaq”.
Amma məsələ təkə qazın qiyməti ilə bitmir. Gürcüstan öz qaz balansında Rusiyadan aldığı qazın payını artırıb, Azərbaycan qazının payını isə azaldıb.
Qonşu ölkə 2020-ci il üçün qaz balansına və alacağı qaz həcmləri üzrə proqnozlara yenidən, 3-cü dəfə dəyişiklik edib.
Gürcüstan hökuməti bəyan edib ki, 2020-ci ildə ona lazım olacaq qaz 2 milyard 569,6 milyon kubmetr həcmində müəyyən edilib ki, bu da aprel ayında gözlənilən göstəricidən 1% azdır.
Qaz balansına görə, Azərbaycan əvvəlki kimi Gürcüstanın əsas qaz təchizatçısıdır. Belə ki, bu il Azərbaycan Gürcüstana 2 milyard 347,6 milyon kubmetr qaz satacaq və bu ümumi qaz alışının 91,4%-i deməkdir. Amma əvvəlki variantla müqayisədə Azərbaycanın satdığı qazın həcmi 58 milyon kubmetr və ya 2,4% azaldılıb.
Gürcüstana satılacaq qazın 1 milyard 454,8 milyon kubmetri SOCAR-ın (əvvəlki variantla müqayisədə azalma 4,7%), 882,7 milyon kubmetr isə “Şahdəniz” layihəsinin (əvvəlki variantla müqayisədə artım 1,8%) payına düşür.
Əvəzində Gürcüstan bu il Rusiyadan aldığı qazın həcmini 170 milyon kubmetrdən 200 milyon kubmetrə qaldırıb.
Nəticədə Rusiya qazının Gürcüstanın qaz balansında payı 7,78%-ə yüksəlib.
Xatırladaq ki, 2007-2018-ci illərdə Gürcüstan Rusiyadan qaz almayıb. 2019-cu ildə isə 160 milyon kubmetrlik qaz müqaviləsi bağlanmışdı və rus qazının payı 5% olmuşdu.
Rusiyadan qaz idxalının artımı, yuxarıda göstərildiyi kimi, onun qiymətinin azalması ilə bağlıdır. «Caspian Barrel» resursunun qaz biznesi mənbələrindən aldığı məlumata görə, Rusiya qazı Gürcüstana 1000 kubmetri 160 dollardan satılacaq.