Gəncə şəhərində “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.
FED.az xəbər verir ki, Quşqara kəndi, Zəfər küçəsi ünvanında yerləşən yanacaqdoldurma stansiyasının açılış tədbirində “SOCAR PETROLEUM” QSC-nin rəhbər heyəti və nümayəndələri iştirak ediblər. Tədbirdə görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb, həmçinin yeni əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edilib.
Qeyd edək ki, ölkəmizdə məşğulluq səviyyəsinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması siyasətinə uyğun olaraq, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 24 yeni iş yeri də yaradılıb.
Sürücülərin ən çox istifadə etdiyi yollardan birində fəaliyyətə başlayan yeni YDS-də 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium, “Aİ-98” Super və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçirilir. Həmçinin elektormobil istifadəçiləri də nəzərə alınaraq stansiyada enerji doldurma məntəqəsi istismara verilib.
Xatırladaq ki, hazırda fəaliyyətə başlayan YDS ilə birlikdə ölkə ərazisində “SOCAR” brendli 71 yanacaqdoldurma stansiyası və 13 neft bazası sahəsi fəaliyyət göstərir ki, onlardan 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir.