İyulun 25-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qurumun Təlim-Tədris Mərkəzində olub.
FED.az xəbər verir ki, təmirdən sonra yaradılan şəraitlə tanış olan Gəmiçiliyin sədrinə yeniliklər barədə məlumat verilib. Bildirilib ki, artıq dənizçilər peşəkar bacarıqlarını artırmaq üçün Təlim Tədris Mərkəzində yaradılan elektron kitabxanadan yararlana biləcəklər. Təlim Mərkəzinin mühazirə auditoriyaları və əməkdaşların iş otaqları da da təmir olunub. Bununla yanaşı, binada dinləyicilərin rahatlığı üçün kafeteriya təşkil edilib.
“AXDG” QSC sədri Rauf Vəliyev təlim keçən dinləyicilərin imtahan prosesini də yaxından izləyib. Bildirilib ki, Təlim Tədris Mərkəzində imtahanlar elektron formatda, beynəlxalq konvensiyaların tələblərinə uyğun təşkil olunur. Təlimlərin sonunda imtahanı uğurla başa vuran iştirakçılara sertifikat verilir.
Daha sonra “AXDG” QSC-nin sədri Rauf Vəliyev Təlim Tədris Mərkəzində üzən heyət üçün keçirilən təlimə qatılıb və dənizçiləri maraqlandıran sualları cavablandırıb. Sədr Rauf Vəliyev təlim iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün hər bir dənizçinin gəmilərdə tətbiq olunan yeni texnologiyalardan istifadə etmə bacarığı, dənizdə yarana biləcək istənilən çətin vəziyyətə hazırlığı vacib şərtlərdəndir. Bu baxımodan peşə vərdişlərinin təkmilləşdirilməsi üçün təşkil olunan kurslar mühüm rol oynayır.
Rauf Vəliyev bu günlərdə Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı tərəfindən sertifikata layiq görülən Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna da baxış keçirib. Gəmiçiliyin rəhbərinə məlumat verilib ki, bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır. Qeyd olunub ki, hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.
Məlumat üçün bildirək ki, Dinamik Mövqe Saxlama Simulyatoru gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçünkompyuter nəzarət sistemidir.
Xatlırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Təlim-Tədris Mərkəzi 2014-cü ildən fəaliyyət göstərir. Burda Gəmiçiliyin əməkdaşları ilə yanaşı, digər şirkətlərin nümayəndələri üçün də dənizçiliklə bağlı müxtəlif təyinatlı təlimlər təşkil olunur.