“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Layihələrin idarə edilməsi departamenti yaradılıb.
QSC-dən FED.az-a bildirilib ki, yeni struktur Gəmiçiliyin tabeliyində olan qurum və ya onların müvafiq bölmələrinin göstərdiyi gəmi agentliyi, liman, dibdərinləşdirmə, dərinlik ölçmə, dalğıc, ofşor (lövbər əməliyyatı, yedəkləmə, təchizat, kran gəmiləri xidmətləri) və gəmi təmiri xidmətlərinin iqtisadi səmərəliliyinin və effektivliyinin artırılması, onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, kommersiya işinin təkmilləşdirilməsi və əlaqələndirilməsi, yeni layihələrdə iştirak kimi mühüm vəzifələri yerinə yetirəcək.
Departament layihələrdə iştirak üçün zəruri tədbirlərin görülməsi, xidmətlər bazarının öyrənilməsi və təhlili, potensial müştərilərlə danışıqların aparılması, tenderlərdə Cəmiyyətin təmsil olunması kimi funkusiyaları da yerinə yetirəcək. Bundan başqa, layihələr daxilində problemləri müəyyənləşdirəcək və həll edəcək.
Strukturun işi təkcə yerli bazarla məhdudlaşmayacaq. Belə ki, departament BP, SAİPEM, TOTAL, PETRONAS, DRAGON OİL kimi nüfuzlu şirkətlərlə əməkdaşlığı daha da genişləndirəcək. Ən əsası göstərilən xidmətlərin səviyyəsi beynəlxalq standart və tələblərə uyğunlaşdırılaraq artırılacaq. Eyni zamanda, departament kənar təşkilatların gəmilərinin (xarici ölkələrin) AXDG-nin zavodlarında təmirə cəlb olunması işi ilə də məşğul olacaq.
Yeni yaradılmış Layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə bir çox nüfuzlu beynəlxalq şirkətdə logistika və layihələrin idarə edilməsi sahəsində təcrübəyə malik Kərim Sultanov təyin olunub. O, bu təyinatadək “AXDG” QSC-də bir sıra rəhbər vəzifədə çalışıb.