Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Tovuz şəhəri, M.Musayev küçəsi, 34 ünvanında fəaliyyət göstərən fərdi sahibkar Məmmədov Qoca Fərman oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
FED.az nazirliyin saytına istinadən xəbər verir ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Red. Qeyd edək ki, Məmmədov Qoca Fərman oğlu Azərbaycan Respublikasının sənaye və energetika nazirinin müavini işləmiş mərhum Ramiz Mirzəyevin bacısı oğludur. 2018-ci ildə Tovuz rayonunda baş verən yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədov sahibkar Qoca Məmmədovun valideynləridir.