“bp-Azərbaycan” 2022-ci ilin birinci yarısının yekunları üzrə biznes əməliyyatları hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabata əsasən 2022-ci ildə Azərbaycanın əsas neft yataqları olan və «Əsrin müqaviləsi»ni əhatə edən «Azəri-Çıraq-Günəşli» yataqlarından neft hasilatı azalmaqdadır.
Belə ki, “bp-Azərbaycan”in məlumatına görə, 2022-ci ilin ilk yarısında sözügedən yataqlardan ümumilikdə 77 milyon barel və ya 11 milyon ton neft hasil edilib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon barel və ya 9,4% azdır. Xatırladaq ki, 2021-ci ilin ilk yarısında «Azəri-Çıraq-Günəşli» yataqlarından 85 milyon barel və ya 11 milyon ton neft çıxarılmışdı.
Ötən il bu yataqlardakı platformalardan gündə orta hesabla 468 min barrel neft çıxarıldığı halda, bu il həsmin göstərici 424 min barrel olub.
Neft hasilatının azalması bu yataqlar qrupuna daxil olan bütün platformalarda hiss olunub.
Belə ki, gündəlik hasilat
«Çıraq» platformasında 25 000 barel (ötən il 30 000 barrel),
«Mərkəzi Azəri» platformasında 108 000 barrel (ötən il 111 000 barrel),
«Qərbi Azəri» platformasında 109 000 barrel (ötən il 118 000 barrel),
«Şərqi Azəri» platformasında 62 000 barrel (ötən il 78 000 barrel),
«Dərinsulu Günəşli» platformasından 78 000 barrel (ötən il 88 000 barrel),
«Qərbi Çıraq» platformasından 42 000 barrel (ötən il 43 000 barrel) neft hasil edilib.
Rübün sonunda «Azəri-Çıraq-Günəşli» yataqlarında ümumilikdə 136 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Ötən illə müqayisədə hasilat quyularının sayı 5 ədəd artıb.