Xəbər verildiyi kimi, Ermənistan qoşunları Azərbaycanın dinc əhalisi ilə yanaşı, enerji və neft qaz infrastrukturuna da zərbə vurmağa çalışır.
FED.az-ın məlumatına görə, oktyabrın 6-da ermənilər Azərbaycan neftini dünya bazarına daşıyan əsas marşrut olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Yevlax rayonundakı hissəsini atəşə tutublar.
Baş Prokurorluqdan FED.az-a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endiriblər. Amma Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.
Daha sonra hücumun detalları məlum olub. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabında paylaşım edib ki, «Ermənistan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə kasetli raket atıb. Raket Yevlax rayonunda BTC-nin 10 metrliyinə düşüb».
«Ərazidə 300-dən çox kasetli bomba var. Boru kəmərinə zərər dəyməyib. ANAMA fəaliyyətdədir. Çıxılmaz vəziyyətdə qalan Ermənistan enerji infrastrukturuna hücum edir» - H.Hacıyevin paylaşımında qeyd edilir.
Amma raket zərbələri borunun işinə mane olmayıb.
Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələrinin rəhbəri İbrahim Əhmədov bildirib ki, BTC ixrac boru kəməri hazırda əvvəlki kimi öz fəaliyyətini davam etdirir:
«Boru kəmərinin operatorundan aldığımız məlumata görə, BTC ixrac boru kəməri hazırda əvvəlki kimi öz fəaliyyətini davam etdirir».
Qeyd edək ki, BTC boru kəmərinin payçıları arasında dünyanın müxtəlif aparıcı enerji şirkətləri var. İ.Əhmədov bildirib ki, bu addımları ilə Ermənistan təkcə Azərbaycanın neft-qaz infrastrukturuna deyil, Avropa Birliyinin də enerji təhlükəsizliyinə qarşı ciddi təhlükələr yaradır».
Xatırladaq ki, ermənilərin Bakı-Ceyhan kəmərinə hücum cəhdi ilk dəfə deyil. Sonuncu dəfə cari ilin iyul ayında Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin hücumu beynəlxalq əhəmiyyətli neft-qaz infrastrukturumuzu birbaşa təhlükə altına qoymuşdu.