Ərəb investorları Azərbaycanda alternativ enerji istehsalı üçün daha bir layihəyə yatırım etmək niyyətindədirlər.
FED.az xəbər verir ki, bu barədə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın iclasında bildirilib.
İclasa sədrlik edən energetika naziri Pərviz Şahbazov xatırladıb ki, Azərbaycanda külək enerjisi sahəsində özəl investisiya hesabına ilk pilot layihənin həyata keçirilməsi üçün “ACWA Power” şirkəti ilə müvafiq qurumlar arasında müqavilələr imzalanıb.
Eyni zamanda, bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyası pilot layihəsi üzrə danışıqlar aparılır. İclasda elan edilib ki, ərəb şirkəti ilə layihə sənədləri üzrə müzakirələr son mərhələdədir və yaxın gələcəkdə yekunlaşdırılacaq.
Daha sonra iclasda torpaqların istifadəsi və imzalanmış müqavilələrlə əlaqədar müvafiq qanunvericilik aktlarına dəyişiklik, investisiya təşviqi sənədi, imzalanmış müqavilələr üzrə öhdəliklərə dair müvafiq tədbirlərin həyata keçirilməsi, lisenziya və icazələrin alınması, eləcə də digər istiqamətlər üzrə aidiyyəti qurumlarla birgə görülmüş işlər və həyata keçiriləcək növbəti addımlar barədə məlumat verilib.
Videokonfransda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Mərkəzi Bankın, “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələri iştirak edib.