Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il üçün İş Planı təsdiq edilib.
Azərbaycan bu il Avropaya 11 milyard kubmetrə yaxın qaz ixrac edib
FED.az nazirliyə istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun sədrliyi, kollegiya üzvlərinin, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələrinin iştirakı ilə keçirilən növbəti kollegiya iclasında bildirilib.
Kollegiya sədri çıxış edərək ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş milli prioritetlərə uyğun olaraq “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ümumilikdə enerji sektorunun gələcək inkişafına dair mühüm tədbirlərin nəzərdə tutulduğunu bildirib və bu tədbirlərin vaxtında və səmərəli icrasının əhəmiyyətini vurğulayıb.
Sonra iclasın gündəliyinə uyğun olaraq Strategiyada Energetika Nazirliyinin əsas icraçı olaraq müəyyən edildiyi tədbirlərin icra vəziyyəti haqqında hesabatlar dinlənilib. Nazirliyin müvafiq struktur bölmələri, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri tərəfindən təqdim edilən hesabatlarda icra müddəti 2023-cü ildə başa çatan tapşırıqlar üzrə görülmüş işlər diqqətə çatdırılıb. Əldə edilmiş nəticələr və növbəti illər üzrə planlar müzakirə edilib.
İclasda, həmçinin Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il üçün İş Planının layihəsi nəzərdən keçirilib, İş Planının təsdiq edilməsinə dair qərar qəbul edilib.
Sonda kollegiya sədri növbəti il üzrə nəzərdə tutulan tədbirlər, qarşıda duran vəzifələr və onların operativ icrasını təmin etmək üçün lazımi addımlar barədə müvafiq tapşırıqlar verib.