Azərbaycanda yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkənin ümumi elektrik enerjisi istehsalı gücü 7 953,9 MVt-a çatıb ki, bu da ötən illə müqayisədə 392,4 MVt və yaxud 4,9 % artım deməkdir.
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Energetiklər Günü münasibətilə rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
Onun sözlərinə görə, son 1 il elektroenergetika sisteminin dayanıqlığının artırılması, yeni məzmunda inkişafı istiqamətində uğurlarla zəngin olub: “Elektroenergetika sistemində ümumi gücü 6642 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 MVt olan 30 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5 %-ni təşkil edir”.
Nazir bildirib ki, bu dövrdə generasiya gücünün artırılması ilə yanaşı elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib: “Belə ki, hazırda ümumi gücü 28619 MVA olan 110-500 kV-luq 240 yarımstansiya istismardadır. Ötən il Azərbaycanda 27,8 milyard kVt/saat istehsal, 1,67 milyard kVt/saat ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib. 2021-ci ildə 23,4 milyard kVt/saat elektrik enerjisi istehlak edilib. Bu ilin 9 ayı ərzində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 807 milyon kVt/saat artımla 21,5 milyard kVt/saat, ixracı isə 775,5 milyon kVt/saat artaraq 1,8 milyard kVt/saat təşkil edib”.
P. Şahbazovun sözlərinə görə, bu il Türkiyəyə 940,5 milyon kVt/saat, Gürcüstana 694,1 milyon kVt/saat, İrana 95,6 milyon kVt/saat, Rusiyaya 75,6 milyon kVt/saat elektrik enerjisi ixrac edilib: “Elektrik enerjisinin idxalı isə bu dövrdə azalaraq 104,9 milyon kVt/saat olub”.