Azərbaycanda 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.
Eləcə də bax: “Fitch Ratings" SOCAR-ın reytinqini stabil səviyyədə - TƏSDİQLƏYİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodunun Modernizasiya və yenidənqurma layihəsinin Baş direktorunun müavini Emil Alxaslı bildirib.
Onun sözlərinə görə, layihənin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur.
E. Alxaslı bildirib ki, layihənin hazırkı mərhələsi üzrə ümumi irəliləyiş 85 %-dən yuxarıdır: "Növbəti addım olaraq digər köməkçi qurğuların - yeni hidrogen istehsalı qurğusu, hidrogen zənginləşdirmə qurğusu, turş suların təmizlənməsi qurğusu, kükürd istehsalı qurğusu, son olaraq dizelin hidrotəmizlənmə qurğusu işə salındıqdan sonra 2022-ci ilin ortalarında "Avro-5" dizelin istehsalına başlanılacaq".
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.