“Azərişıq” ASC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayev müsahibə verib.
“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur - VİDEO
FED.az həmin müsahibəni təqdim edir:
- Elektrik enerjisi şəbəkəsinə qoşulma üzrə onlayn müraciətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verərdiniz.
- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənib.
Cari ildə “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın qüvvəyə minməsi, eyni zamandan qanunvericilikdə aparılmış müvafiq dəyişikliklər nəticəsində tikinti obyektlərinin mövcud 0.4 kV-luq şəbəkədən enerji təchizatı şəbəkəsinə qoşulma gücü 150 kVt-dan 200 kVt-a artırılması nəticəsində onlayn müraciətlərin əhatə dairəsi genişləndirilib. Yəni ötən dövrlərdə ancaq 150 kVt enerji gücünə onlayn müraciət etmə imkanı olduğu halda hazırda bu hədd yüksəldilib.
- Enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı yeni qərarın tətbiqi ilə baş verən dəyişikliklər və onların təsirləri barədə məlumat verərdiniz.
- 03 iyun 2024-cü il tarixindən qüvvəyə minən “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın tətbiqi qoşulma prosedurunun şəffaflığını və səmərəliliyini artırmaq, həmçinin müştərilərə göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.
Qərarın tətbiqi ilə aşağı gərginlikli şəbəkələrdən qoşulma zamanı tikinti obyektlərinin təlabat gücü 150 kVt-dan artırılaraq 200 kVt-a çatdırılıb. Bu qərar sahibkarlıq subyektlərinə 0.4 kV-luq şəbəkədən daha yüksək güc alma imkanı yaratmaqla, biznes xərclərini və zamanlamanı daha dəqiq və şəffaf şəkildə təyin etmə imkanlarını genişləndirir.
Bundan başqa, indiyə qədər tətbiq edilən qaydalara görə texniki şərtlərin verilməsi zamanı minimal təlabat gücü 5 kVt-dan başladığı halda yeni qaydalara görə tələbat gücü 1 kVt-dan başlaya bilər və nəticədə ödəniş məbləği azalmış olur.
Daha sonra yeni qaydaların tətbiqi ilə məişət və sahibkarlara məxsus tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasında eyni tariflər tətbiq edilib, sahibkarların tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması zamanı obyektin təyinatına görə tətbiq edilən fərqli ödəniş məbləğləri də aradan qaldırılıb. Yeni ödəmə məbləğinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində birfazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri azalmış oldu.
- Yeni qərarın tətbiqinin əsas məqsədi nədir?
- Burada əsas məqsəd müştərilər və “Azərişıq” arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsidir. Şəffaf prosedurlar, aydın müddətlər, prosedurların hər bir mərhələsinə nəzarət etmək imkanı müştərilər üçün prosesi daha proqnozlaşdırıla bilən edir. Yeni qanunun tətbiqi xidmətlərin təkmilləşdirilməsi, eyni zamanda sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm bir addımdır.
- Yeni təşəbbüsün biznesin mühitinə təsiri ilə bağlı nə deyə bilərsiniz?
- Ölkədə əlverişli biznes mühiti üçün qanunvericiliyin və inzibatçılığın beynəlxalq standartlara uyğunlaşdırılmasında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının özünəməxsus rolu var. Belə ki, ötən dövlərdə “Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupu”nun komissiya üzvləri tərəfindən aparılmış müzakirələr nəticəsində özəl sektorun imkanlarının genişləndirilməsi, onlar üçün əlverişli biznes mühitinin daha da inkişafı məqsədi ilə enerji təchizatı şəbəkəsinə qoşulmanın əhatə dairəsinin genişləndirilməsi qərara alınıb. Bu məqsədlə ötən il Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupu”tərəfindən belə bir təşəbbüs irəli sürülüb və cari ildə müraciətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə müvafiq qərarlar qəbul olunub.
- Elektron müraciətlərin sayında artım müşahidə olunurmu?
- “Azərişıq” ASC-nin də üzvü olduğu “Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupu” tərəfindən dövri yol xəritələrinin və kommunikasiya strategiyalarının icrası ölkədə biznes mühiti üçün daha da münbit şərait yaratmaqdadır. Bütün bu kimi tədbirlərin icrası sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə elektron qoşulmaların sayına öz müsbət təsirini göstərir. Cari ildə biznes mühitinin inkişafı üçün vacib indikator olan sahibkarlıq subyektlərinin ETŞ qoşulması xidmət üzrə vətəndaşların 52.5%-i elektron olaraq müraciət edib.