Nazirlər Kabinetinin yeni qərarı “Azəristiliktəchizat” ASC-nin borc öhdəlikləri istiqamətində problemlərin artmasının qarşısını alacaq.
“Azəristiliktəchizat”a yeni səlahiyyət verilib
FED.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 2023-cü il 5 sentyabr tarixli Qərarda dəyişiklik edilməsi ilə bağlı yeni qərarı “Azəristiliktəchizat” ASC-yə yeni səlahiyyətin verilməsi anlamına gəlir: “Əhali qrupuna daxil edilməyən istehlakçıların, yəni qeyri-əhali istehlakçılarına istilik təchizatı xidmətini göstərən zaman mövcud tariflər artıq dövlət tərəfindən tənzimlənməyəcək. Bu isə o deməkdir ki, “Azəristiliktəchizat” qeyri-əhali qrupuna bu xidməti göstərərkən, yəni istiliklə təchiz edən zaman onun qiyməti, tariflər qarşılıqlı müqavilə və razılıq əsasında müəyyən ediləcək”.
Ekspert düşünür ki, əslində, bu qərar həm "Azəristiliktəchizat"ın özünün idarə edilməsi istiqamətində bir növ müəyyən işlərin təkmilləşdirilməsinə imkan verəcək: “Bu, səhmdar cəmiyyətin maliyyə dayanıqlığının təmin olunmasına öz töhfəsini verəcək. Eyni zamanda, bununla borc öhdəlikləri istiqamətində problemlərin artmasının qarşısı alınacaq”. (Report)