Səudiyyə hökuməti ölkənin və ümumiyyətlə dünyanın ən böyük neft şirkəti sayılan «Saudi Aramco»nun səhmlərinin bir hissəsinin açıq yerləşdirmə üsulu (İPO) ilə satışı haqqında qərar qəbul edib.
FED.az xəbər verir ki, başqa sözlə, şirkətin səhmlərinin bir hissəsi xarici və yerli investorlara satılacaq. Səhmlər Səudiyyənin öz ticarət platforması olan «Tadawul» sistemində satışa çıxarılacaq.
Eləcə də bax: “Saudi Aramco” neft şirkətinin - RƏHBƏRİ DƏYİŞİB
«Saudi Aramco»nun səhmlərinin satışa çıxarılacağı bir neçə il əvvəldən elan edilib və bütün dünyada investorlar bunu maraqla gözləyirlər.
Qeyd edək ki, sözügedən şirkət qeyri-rəsmi olaraq dünyanın ən böyük neft-qaz kampaniysı sayılır. "Saudi Aramco" Səudiyyə Ərəbistanın hasil etdiyi neftin hamısını, dünyadakı neftin isə 10%-ni hasil edir.
Onun aktivləri təqribi olaraq 1,5-2 trilyon dollar ətrafında qiymətləndirilir. Müqayisə üçün bildirək ki, hazırda dünyanın ən byöük şirkəti sayılan «Amazon.com»un bazar qiyməti «cəmi» 880 milyard dollardır.
Təbii ki, Səudiyyə hökuməti şirkəti tamamilə özəlləşdirmək fikrində deyil, satışa şirkətin səhmlərinin 5%-i çıxarılacaq. Bu 5%-in hansı qiymətə satılacağı hələlik məlum deyil və daha çox ticarətin düzgün təşkilindən asılı olacaq. Hələlik 5%in 100 milyard dollara satılacağı gözlənilir. Şirkətin səhmlərinin 2%-i ölkə daxilində 3% isə xaricdə satılacaq.
Hərçənd, ekspertlərin fikrincə, «Saudi Aramco» ilə bağlı məlumatların qapalılığı və geosiyasi risklər şirətin səhmlərinə marağı və onun satışından daxil olan vəsaiti azalda bilər.
Özəlləşdirmədə dünyanın aparıcı investisiya fondlarının iştirakı da gözlənilir. Bununla yanaşı, ekspertlər hesab edir ki, bu daha çox konservativ yatırım olacaq, çünki belə böyük şirkətin artım üçün potensialı o qədər də yüksək deyil.