Yəmən husilərinin nümayəndəsi Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco"nun Ciddədəki obyektlərinə raket zərbələri endirdiklərini açıqlayıb.
Eləcə də bax: Səudiyyə Ərəbistanı neft ixracının qiymətini - QALDIRIR
FED.az xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya krallıq ərazisinin ballistik raketlərlə atəşə tutulduğunu və "Saudi Aramco" zavodunun ərazisinə ziyan dəydiyini təsdiqləyib.
Yəmənli husilərin Ciddə şəhərində dövlətə məxsus "Saudi Aramco" şirkətinin neft paylama stansiyasına hücumundan sonra ərəb koalisiyası hərbi cavab əməliyyatına başlayıb. Səudiyyə Ərəbistanı Yəmənin Səna və Hudeydə şəhərlərindəki "təhlükə mənbələrinə" hava zərbələri endirib.
"Məqsədimiz qlobal enerji mənbələrini düşmən hücumlarından və təhlükəsiz təchizat zəncirlərindən qorumaqdır", - koalisiyanın bəyanatında deyilir.
Husilərin "Saudi Aramco"ya hücumundan sonra iki çəndə yanğın başlayıb. Yanğın söndürülüb, ölən yoxdur.
Ümumilikdə Səudiyyə Ərəbistanı 16 hücum qeydə alıb.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi İran tərəfindən dəstəklənən husilərin hücumları səbəbindən dünya bazarlarına neft tədarükü çatışmazlığına görə ölkənin məsuliyyət daşımayacağını vurğulayıb. Agentlik hesab edib ki, hücumların məqsədi dünyada enerji təhlükəsizliyini pozmaqdır. (Marja)