S&P Global Platts informasiya agentliyi dünyanın enerji şirkətlərinin ənənəvi reytinqini dərc edib. 2017-ci il üçün tərtib olunan Platts Top 250 reytinqində ciddi yerdəyişmələr var.
FED.az S&P Global Platts agentliyinə istinadən xəbər verir ki, builki reytinqin başlıca özəlliyi lider dəyişikliyidir. Belə ki, 12 ildir dünyanın bir nömrəli enerji şirkəti olmuş ExxonMobil (ABŞ) cari ildə öz mövqeyini itirərək birdən-birə 9-cu sıraya düşüb. Onun yerini isə Rusiyanın Qazprom şirkəti tutub. 2017-ci ilin ən böyük enerji şirkəti 16,7 mlrd. dollar mənfəətlə reytinqin ilk sırasında qərarlaşıb. Həmçinin dünyanın enerji şirkətlərinin reytinqində Qazprom aktivlərinin həcminə (297 mlrd. dollar) görə 5-ci, gəlirlərinə (107,2 mlrd. dollar) görə 7-ci, sərmayə kapitalına nisbətən gəlirinə (7%) görə isə 41-ci yerdədir.
Həmyerlimiz Vaqif Ələkbərovun başçılıq etdiyi Lukoil reytinqdə 6-cı pillədə qərarlaşıb. Şirkətin aktivləri 88 mlrd. dollar, gəlirləri 92,7 mlrd. dollar, mənfəəti 3,6 mlrd. dollar, sərmayə kapitalına nisbətən gəliri isə 5%-dir.
Dünyanın ən böyük enerji şirkətlərinin ilk onluğuna, həmçinin Almaniyanın E.ON (2-ci yer), Hindistanın Reliance Industries Ltd (3-cü yer) və Indian Oil Corp Ltd (7-ci yer), Koreyanın Korea Electric Power Corp (4-cü yer), Çinin China Petrolium & Chemical Corp (5-ci yer), ABŞ-ın Valero Energy Corp (8-ci yer) və Fransanın Total (10-cu yer) şirkətləri daxildir.
Xatırladaq ki, ötən ilin reytinqində Qazprom 3-cü sırada idi. Bu il Rusiya enerji nəhəngi cəmi iki pillə irəliləyərək enerji şirkətləri arasında liderliyi ələ keçirsə də, onun bu nailiyyəti reytinqin ikiinci pilləsində qərarlaşmış Almaniyanın E.ON holdinqinin əldə etdiyi uğurlarla müqayisəyə gəlmir. 2016-cı ildə qlobal enerji şirkətləri arasında 114-cü mövqedə olan E.ON bir il ərzində nə az, nə çox – düz 112 pillə irəlilələyək dünya ikincisi olmağı bacarıb. Alman holdinqi ilə yanaşı, cari ildə reytinqdəki yerinə görə sıçrayış etmiş və 100 pillədən artıq irəliləməyə nail olmuş şirkətlər sırasında Britaniyanın Centrica (156-cı yerdən 15-ci yerə), Braziliyanın Eletrobras (193-cü yerdən 47-ci yerə) və ABŞ-ın CenterPoint Energy (220-ci yerdən 105-ci yerə) şirkətlərini qeyd etmək olar.
Platts Top 250 reytinqinin redaktoru Vendi Uellsin sözlərinə görə, 2017-ci ili enerji təchizatçısı və boru operatorları olan şirkətlər üçün sıçrayış ili hesab etmək olar.
Agentliyi analitiki Harri Ueber bunun səbəbini onunla izah edir ki, sözügedən şirkətlər qlobal geosiyasi vəziyyətin və xammal qiymətlərinin qeyri-sabit olduğu bir dövrdə avantüralardan çəkinərək yüksək riskli ərazilərdə işləməkdən boyun qaçırıb. Bununla yanaşı, həmin şirkətlər çoxşaxəli biznes strukturuna malikdir. Onlar təkcə sənaye müəssisələrini deyil, həm də kommunal təssərüfatları, hətta fərdi müştəriləri də elektrik enerjisi və təbii qazla təchiz edirlər. “Dünya liderləri sırasında yer alan enerji şirkətlərinin əksəriyyəti dövlət tərəfindən tənzimlənən və maliyyə dəstəyi alan bazarlarda işləyirlər. Bunun üstün cəhəti isə odur ki, həmin şirkətlərin gəlirləri neft və qazın qiymətlərindən daha az asılıdır”, - deyə ekspert əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Dünyanın ən böyük enerji şirkəti rəhbərləri sırasında azərbaycanlı da var
10:53
26 Sen 2017