Enerji böhranı fonunda kömür qiymətləri rekord həddə yüksəlib.
Eləcə də bax: Aİ Rusiya kömürünün tədarükünə - QADAĞA QOYDU
FED.az xəbər verir ki, Asiyada kömür qiymətləri qlobal enerji böhranı, xüsusən də Avropada kömürə ehtiyacın artması və tədarükün pisləşməsi səbəbindən rekord həddə çatıb.
OPIS tərəfindən iki həftədə bir tərtib edilən indeksə əsasən, Avstraliyanın Nyukasl limanında yüklənmiş kömür spot bazarda bir ton üçün 436,71 dollara yüksəlib. Beləliklə, qiymətlər üç dəfə artıb.
Forvard qiymətləri də rekord səviyyədədir. Newcastle oktyabr fyuçersləri həftənin ilk ticarət günündə ICE Futures Europe birjasında 5 faiz artaraq bir ton üçün 463,75 dollara çatıb və 2016-cı ilin yanvar ayına aid məlumatlarda ən yüksək səviyyəyə çatıb.
Avropaya qaz axını ilə bağlı qeyri-müəyyənlik və qitədən daha güclü kömür tələbi proqnozu yanacağın qiymətlərini artırmağa davam edən amillər kimi önə çıxır. Digər tərəfdən ilin sonuna doğru Avstraliyada üçüncü “La Nina” qasırğasının baş verə biləcəyi və kömür mədənlərində hava şəraitinin pisləşməsi ehtimalının olduğu bildirilir.
Məsələ bundadır ki, 2010-11-ci illərdə bir neçə ay davam edən La Nina qasırğaları Avstraliyanın Yeni Cənubi Uels və Kvinslend ştatlarında kömür mədənləri və dəmir yollarının güclü yağışlar nəticəsində zədələnməsinə və hasilatın 20-30 faiz azalmasına səbəb olmuşdu.
Morgan Stanley analitikləri, o cümlədən Marius van Straaten, "Avstraliyadan kömür daşınmasında hər hansı ciddi kəsilmə yüksək istilik kömür qiymətlərini yeni zirvələrə çatdıra bilər" deyib.
Bəzi alıcıların Rusiyadan yanacaq idxalından yayınması və bir çox ölkələrdə bərpa olunan enerji mənbələri də daxil olmaqla, digər mənbələrə sərmayənin yavaşlaması nəticəsində kömür tələbində güclü bərpa müşahidə olunub.