Xəbər verildiyi kimi, prezident İlham Əliyev bu gün sentyabrın 30-da Bolqarıstana rəsmi səfərə gedib.
FED.az xəbər verir ki, səfər çərçivəsində sabah – oktyabrın 1-də Azərbaycan qazını Avropaya daşıyan TAP kəmərindən bir qolun ayrılaraq Bolraqıstana yönələn hissəsi Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi olacaq. Bununla da Azərbaycan qazının Bolqarıstana nəqli başlayacaq.
Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi və Avropada qaz böhranının yaşandığı bir vaxtda Bolqarıstanın Azərbaycandan qaz alışına başlaması bu ölkə üçün enerji təhlükəsizliyini təmin etmək baxımından olduqca mühüm məsələdir. Prezidentlərin görüşündə isə məlum olub ki, Azərbaycandan qaz almaq istəyən ölkələrin sayı daha da arta bilər.
Görüşdən sonra prezidentlərin mətbuata açıqlamalarında Bolqarıstan prezidenti Rumen Radev bildirib ki, artıq 3 ölkə Bolqarıstandan keçməklə Azərbaycan qazı almaq istəyir: «Daha bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim ki, mən dünən aldığım bir təklifi cənab Əliyevlə bölüşdüm. Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər».
Bolqarıstan dövlət başçısı xatırladıb ki, bu ilin yayında - iyul ayında cənab Əliyev və xanım Fon der Lyayen sənəd imzalayıblar. Həmin sənədə əsasən yeni yanaşma tətbiq edilməlidir. «Bunun sayəsində biz illərlə gözləmək əvəzinə, - bilirsiniz ki, burada mövcud infrastrukturu genişləndirmək üçün böyük sərmayə lazımdır, - həmin bu 4 ölkədə olan infrastruktur vasitəsilə Azərbaycan qazını dərhal digər ölkələrə göndərə bilərik. Beləliklə də qaz daha tez və etibarlı şəkildə Mərkəzi, Qərbi və Cənubi Avropaya çatdırıla bilər. Bu təklif sabah rəsmi olaraq təqdim ediləcək. Biz bunu Avropa Komissiyasının Prezidenti və bu 4 ölkənin nümayəndələri ilə müzakirə edəcəyik. Biz buna hazırıq. Bir ay ərzində yüksəksəviyyəli görüş təşkil edə bilərik. Bununla da layihəni irəli apara bilərik, bu layihəyə start verə bilərik».