Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən quraşdırılan yeni qaz sayğacları ilə bağlı istehlakçılarda yaranan narazılıqla bağlı mövqeyini bildirib.
Eləcə də bax: Bəzi sayğaclar qaz həcmini düz hesablamır – NAZİRLİKDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına dair konfransda çıxış edən qurumun rəis müavini Məmməd Abbasbəyli bildirib ki, qeyd olunan məsələ ilə bağlı antiinhisar şöbəsinin təbii inhisarların tənzimləməsi sektorunun rəhbər şəxsləri Energetika Nazirliyinin tərkibində fəaliyyət göstərən Enerji Məsələlərinin Dövlət Tənzimləməsi Agentliyi ilə yoxlamalar keçiriblər: "Bizim tabelimizdə Azərbaycan Metrologiya İnstitutu fəaliyyət göstərir, hansı ki, bütün ölçü vasitələrinin yoxlamasını aparır. Qaz sayğacları quraşdırılmazdan öncə onların üzərində sınaqlar aparılır və yalnız sınaqlar düzgün olduqda quraşdırılır. Məhz bu səbəbdən biz yoxlamalar aparmışıq. Bizim metroloji xidmətimizin məlumatına görə, bütün sayğaclar yoxlanılıb, hər hansı bir sayğacda kənarlaşma qeyd alınmayıb".
Dövlət Xidmətinin rəsmisi əlavə edib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mövqeyi bütün şikayətlərə fərdi yanaşma və şikayətlərin tam olaraq araşdırılmasından ibarətdir. (Apa)