Bu ilin yanvar-noyabr aylarında istehlakçılardan Yanacaq Doldurma Məntəqələrində (YDM) göstərilən xidmətlər və yanacağın keyfiyyəti ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə ümumilikdə 15 müraciət daxil olub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bunlardan 7-si yanacaq çəninin tutumuna və ya ödənilən məbləğə uyğun olmayan həcmdə yanacağın çənə vurulması, 7-si yanacağın keyfiyyəti, 1-i isə YDM-də məlumatlandırıcı lövhələrin yerləşdirilməsi ilə bağlı olub.
Sözügedən müraciətlərdən 2-i təmin olunub, 4 müraciət üzrə ərizədə qeyd olunan faktlar aşkar edilməyib, 6 müraciət üzrə vətəndaşa qanunamüvafiq tövsiyə və izahat verilib, 3 müraciət üzrə araşdırmalar davam etdirilir.
Məlumat üçün qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb. Nəzərdə tutulmuş müddətdə Dövlət Xidməti yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama apara bilər.
YDM-də təklif olunan yanacağın keyfiyyəti, həcm və hesablaşmalarda uyğunsuzluq və digər hallarla əlaqədar dəqiq faktlar (sübutlar) Dövlət Xidmətinə təqdim ediləcəyi təqdirdə, qanunamüvafiq tədbirlər görüləcəkdir. Qeyd edilən mənfi hallarla qarşılaşan istehlakçılar Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı ([email protected]), birbaşa ərizə və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər. (Apa)