Azərbaycanda ilk dəfə olaraq dizel mühərrikli avtomobillərin CNG ilə çalışması mümkün olub.
FED.az xəbər verir ki, “SOCAR PETROLEUM” QSC və “İntra Caspian” MMC, birgə sınaq layihəsi çərçivəsində ölkədə ilk dəfə olaraq dizel mühərrikli avtomobillərə CNG sisteminin quraşdırılması işini həyata keçiriblər.
Eləcə də bax:Azərbaycanda elektromobil sürmək sərfəlidirmi? – MÜTƏXƏSSİS RƏYİ
İlkin sınaqların nəticəsi CNG-dizel yanacağının istifadəsinin mümkün və səmərəli olduğunu təsdiqlədi. O cümlədən, ekoloji müayinə zamanı dizel mühərriklərində tüstünün miqdarının iki dəfədən cox azalması müşahidə olundu. Birgə sınaq layihəsi tamamlandıqda, dizel mühərrikli avtomobillərin və ağır texnikanın CNG-yə keçirilməsi layihəsinin kommersiya mərhələsi planlaşdırılır.
Qeyd edək ki, CNG (sıxılmış təbii qaz və ya “compressed natural gas”) beynəlxalq təcrübəyə əsasən benzin və dizel yanacaq növlərinin əsas alternatividir. Satış qiymətinin aşağı olması bu mühərrik yanacağından istifadə edən istehlakçıların maliyyə vəsaitinə qənaət etməsinə şərait yaradır. Ekoloji cəhətdən CNG ən təmiz mühərrik yanacağıdır və AVRO-6 ekoloji standartının tələblərinə cavab verir.