“Tarif məsələsi həssas mövzudur, burada sosial sazişə, cəmiyyətlə dövlətin səmimi müzakirəsinə ehtiyac var”.
Dövlət Agentliyi: "Su tarifləri xərclərini tam qarşılamır"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində bildirib.
“Səmərəlilik tədbirlərinin həyata keçirilməsi üçün tariflər müəyyən həddin üzərində olmalıdır. Tariflər müəyyən həddin üzərində olmayanda “Azərişığ”ın da, “Azəriqaz”ın da, “Azərenerji”nin də yatırımlarının səmərəliliyi ödənmir. Tariflər aşağıdırsa, bu səmərəliliyi qarşılamaz. Mən demirəm ki, tariflər artırılmalıdır. Ona görə optimal qərarlar verilməlidir. 97% qazlaşma bir az anormal rəqəmdir. Avropada bu rəqəmin olmaması təsadüfi deyil. Çünki ucqar bir kəndə qaz xəttlərinin çəkilməsi bəzən o qədər yüksəkdir ki, o kəndin tamamilə münbit torpaqlı əraziyə köçürülməsi maliyyəti ondan bəlkə daha azdır. Bu məsələlərə baxmaq lazımdır. Tarif elə həssas məsələdir ki, tarifdəki dəyişikliyi mən heç vaxt dəstəkləyə bilmirəm.
Azərbaycanda satılan qaza əgər qənaət etsək, Avropa bazarına çıxarıb satsaq, bu bazardakı əlavə dəyəri gətirib əhaliyə paylasaq, qazdakı müəyyən tarif artımı daha sərfəli olar. Bu, çox ciddi və hədəfli, səmimi, oyunpozanlıq olmadan vacib məsələdir. Cəmiyyət bu səmimi və mürəkkəb müzakirələrə hazır olmalıdır”, - deyə nazir müavini əlavə edib.