Azərbaycan Dövlət Neft Fondunin investisiya gəliri bu il ilk dəfə olaraq 1,8 milyard dollara çatacaq.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Dövlət Neft Fondunun yeni təyin edilmiş icraçı direktoru İsrafil Məmmədovu təyinatı münasibətilə qəbul edirkən bildirib.
Dövlət başçısı bu bildirib ki, fondun gəlirlərinin belə artımı yüksək göstəricidir: «Mən çox şadam ki, Fondun idarəetmədən əldə edilən gəlirləri artır. Bu, çox yaxşı göstəricidir. Bu il, - hələ il başa çatmayıb, - Dövlət Neft Fondunun gəlirləri 4 milyard dollardan çox artıbdır. Bunun 1,8 milyard dolları məhz idarəetmədən əldə edilmiş gəlirlərdir. Yəni, bu, böyük vəsaitdir. Fondun düzgün siyasəti və vəsaitin düzgün yerləşdirilməsi, bax, belə imkanlar yaradır. Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq».
Dövlət başçısı bildirib ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollardan çoxdur: «Bu, rekorddur, tarixi göstəricidir. Bu, göstərici məhz ona görə önəmlidir ki, o, bizim ümumi daxili məhsulumuzdan da çoxdur. Belə hallar indi çox nadir ölkələrdə müşahidə olunur. Eyni zamanda, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və biz bu göstəriciyə görə dünyada doqquzuncu yerdəyik».