Avqustun 26-da Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə Çin Xalq Respublikası Ticarət Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına mobil elektrik stansiyalarının verilməsi haqqında müqavilə imzalanıb.
ELƏCƏ DƏ BAX : Gürcüstanın idxal etdiyi enerjinin 90 faizini - AZƏRBAYCANDAN ALIR
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən bildirilib ki, müqaviləni xidmətin rəisi Namiq Paşayev və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin iqtisadi-ticari məsələlər üzrə məsləhətçisi Vanq Çunqanq imzalayıblar.
Müqavilə çərçivəsində Naxçıvan Muxtar Respublikasına dəyəri 4 milyon 969 min manat olan 2 dəst 200 kilovat gücündə dizel generator maşını, eləcə də 410 dəst 2 kilovat gücündə mobil Günəş elektrik stansiyası, 410 dəst Günəş su qızıdırıcısı və 6 dəst 10 kilovatlıq külək-günəş hibrid elektrik stansiya qurğusu təmənnasız veriləcək. Layihənin təchizatçısı Çinin “Hebei Maşın İdxal və İxrac şirkəti”dir. Avadanlıqlar 110 gün ərzində muxtar respublikaya çatdırılacaq, şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaq və yerli mütəxəssislərə təlim keçiriləcək.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə iştirak edib.