FED.az Bloomberg-ə istinadən məlumat verir ki, yeni yaranacaq şirkət qlobal enerji sektorunda gəlirlərinə görə (271 milyard dollar) ikinci, istehsal gücünə görə isə (225 giqavatt) birinci olacaq.
Ekspertlərin fikrincə, Shenhua-Guodian ittifaqı hökumətinin xərcləri azaltmaq və effektivliyi artırmaq istiqamətində yürütdüyü siyasətin tərkib hissəsi olmaqla, yaxın gələcəkdə Çinin enerji sektorunda görə biləcəyimiz bir neçə birləşmədən ilkidir. Yeni yaranacaq şirkət National Energy Investment Corparation adlanacaq və istehsal gücünə görə hazırki dünya liderləri olan Fransanın Electricite de France (137,5 giqavatt) və İtaliyanın Enel (83 giqavatt) şirkətlərini arxada qoyacaq.
Birləşmə haqqında xəbər yayılandan sonra Honq-Konq səhm birjasında Shenhua-nın səhmləri 4,7 faiz bahalaşıb. Ötən ilin yekunlarına əsasən şirkət 290 million ton kömür hasil edib.
Qeyd edək ki, hazırda Çinin ən böyük mədən enerjisi istehsalçısı Huaneng Group ilə digər nəhəng enerji şirkəti State Power Investment Corp.-un birləşəcəyi barədə də qeyri-rəsmi xəbərlər gəzir.
Məlumat üçün bildirək ki, yuxarıda adıçəkilən şirkətlərlə yanaşı, Çində dövlətə məxsus ən böyük enerji istehsalçıları sırasına Huadian və China Datang korporasiyaları da daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır