2017-ci ilin yanvar-iyul aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 37 yaşayış məntəqəsinə təbii qaz verilib.
Bu barədə FED.az-a SOCAR-dan məlumat verilib.
“İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən cari ilin yanvar-iyul ayları ərzində 957.8 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 119.3 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 37 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib”, - deyə məlumatda bildirilir.
Qazlaşdırılma işləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2014-2016-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.
2016-cı ildə “Azəriqaz” 209 yaşayış məntəqəsinə təbii qaz verib.