2019-cu ilin birinci üç rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə 418 milyon dollardan artıq əməliyyat məsrəfləri və 1034 milyon dollara yaxın əsaslı məsrəflər xərclənib.
FED.az "Azərtac"-a istinadən xəbər verir ki, bu barədə məlumat “BP-Azerbaijan” şirkətinin hesabatında əksini tapıb.
Eləcə də bax: SOCAR “Neft daşları”nda 50-60 quyunun qazılmasını - PLANLAŞDIRIR
2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan “Azəri Mərkəzi Şərqi” (AMŞ) layihəsinə sanksiya verilib. Altı milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 min barrelədək neft hasil etmək gücündə layihələndirilib və istismar müddəti ərzində onun 300 milyon barrelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.
Bu layihə üzrə əsas tikinti-quraşdırma, dəniz və sualtı işlər üzrə müqavilələr bağlanıb. Tikinti işləri iyul ayında başlanıb və ilin üçüncü rübü ərzində genişlənməyə davam edib.
AÇG-də iştirak payları: BP (30,37 faiz), SOCAR (25,0 faiz), “Şevron” (9,57 faiz), INPEKS (9,31 faiz), “Ekvinor” (7,27 faiz), “EksonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOÇU (3,65 faiz), “ONGC Videş Limited” (OVL) (2,31 faiz).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.