Bu ilin yanvar-may aylarında Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % artıb.
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tviterdə bildirib.
Məlumata görə, bunun da 4,8 milyard kubmetri Avropaya, 4,3 milyard kubmetri Türkiyəyə, 1,2 milyard kubmetri isə Gürcüstana ixrac olunub.
S&P: Azərbaycanın qaz hasilatı 2026-cı ilə kimi 7% artacaq
Bundan başqa, onun sözlərinə görə, 5 ay ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 2,4 milyard kubmetr "mavi yanacaq"la təchiz edib.
Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Onun ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB)IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir. (Report)